Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir və təbii olaraq qazanılan uğurlar hər il daha da artır. Son illərdə Azərbaycan idmançılarının olimpiadalardan çoxsaylı medallarla vətənimizə dönməsi, beynəlxalq yarışlarda himnimizin səslənməsi, bayrağımızın ucaldılması bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin beynəlxalq və respublika səviyyəli yarışlarda uğur qazanan idmançıları mükafatlandırması isə onları daha da ruhlandırır və yeni nailiyyətlər əldə etməsinə güclü stimul verir. Bu cür tədbirlər idmançıların zəhmətinin qiymətləndirildiyini göstərməklə yanaşı, həm də ölkəmizin idman sahəsində qazandığı uğurların təbliğinə xidmət edir.
Prezident tərəfindən təqdim olunan fəxri adlar, orden və medallar, eləcə də maddi mükafatlar idmançıların əməyinə verilən yüksək dəyərin göstəricisidir. Bu mükafatlar təkcə fərdi nailiyyətlərin deyil, eyni zamanda Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasının əhəmiyyətini vurğulayır.
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, bu il beynəlxalq yarışlarda Azərbaycan idmançıları 2000-dən çox medal, 600-dən çox qızıl medal qazanıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir.
Gənclərin vətənpərvər ruhda tərbiyəsinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bildirib ki, gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.
Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən təbii olaraq qürur hissi ilə çıxırlar.
Bu il ölkəmizdə keçirilmiş əsas idman yarışı MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir.
Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə. Bakını da bu siyahıya salmağımız, ilk növbədə, ölkəmizin potensialını göstərir.
Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır.
Dövlət başçısı qeyd edib ki, ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə mən ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Yəni bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir.
Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.
Dövlət başçısı idmançıları qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, onlara yeni uğurlar, qələbələr arzulayıb.
Sonda idmanın inkişafında xüsusi xidmətləri olan idmançılar və idman mütəxəssisləri mükafatlandırılıblar.