Azərbaycan xalqının milli mübarizə tarixi bir sıra mühüm hadisələrlə əlamətdardır. Bu hadisələrin tariximizdə böyük hərflərlə yazılmasının başlıca səbəbi ümumxalq mübarizəsinin ortaya qoyulması və soydaşlarımızın hamılıqla milli ideyalara dəstək verməsi ilə müşayiət olunmasıdır. Belə xüsusi məqamlardan biri də 1990-cı ilin 20 Yanvar günüdür.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş həmin gün xalqımızın müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı mübarizəsinin şərəf tarixidir. 35 il bundan öncə azadlığı, şərəf və ləyaqəti hər şeydən üstün tutaraq şəhidlik zirvəsinə ucalan mərd Vətən övladları müstəqil Azərbaycan üçün yol açdılar, faciəni tariximizə qəhrəmanlıq səhifəsi kimi yazdılar.
20 Yanvar faciəsi yaşatdığı acı qədər həm də xalqın sınmayan qürurunun, sarsılmayan vüqarının odlu silah qarşısında mərd duruşu idi. Ona görə də biz 20 Yanvara təkcə qara gün kimi deyil, xalqın özünüdərk günü, qələbə günü kimi baxırıq.
İmperiyanın faciədən gözləntisi xalqın gözünü qorxutmaq və onu susdurmaq idi. Ancaq gözlənilən kimi olmadı. Məhz belə bir ağır məqamda Ulu Öndər Heydər Əliyev ayağa qalxdı! Qırğın gününün sabahı Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək “Azərbaycan tək deyil! Mən varam!” dedi.
O günlərdə bütün millət, bütün Azərbaycan matəm içində idi, ancaq sınmamışdı, çünki ən məsuliyyətli məqamda qolundan tutan güclü bir əl var idi. Cəsarətli bəyanat verərək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edən Ulu Öndər Heydər Əliyev əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etdi. Bu bəyanat faciə həqiqətlərinin bütün dünyaya yayılması üçün qapı açdı, Azərbaycana qarşı məkrli “cəza” aksiyası iflasa uğradı.
1990-cı ilin iyul ayında Moskvadan Vətənə qayıdan Ümummilli Liderin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə 20 Yanvar hadisələrinə ilk dəfə siyasi-hüquqi qiymət verildi, faciənin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında” qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi qiymətini aldı.
2020-ci ildə bütün dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsinə bir daha şahid oldu. 44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan ordusu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızı düşmən işğalından azad etdi. Artıq beşinci ildir ki, biz bu qanlı faciəni fərqli hiss və duyğularla qeyd edirik. 20 Yanvar və Vətən müharibəsi şəhidlərinin uğrunda canlarını qurban verdikləri Azərbaycan azaddır, müstəqildir, suverenliyi tam təmin olunub. İllər keçsə də, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcək, onların xatirəsi daim qəlblərdə yaşayacaqdır.