Səfər zamanı imzalanan sənədlər paketi Azərbaycan–Qırğızıstan münasibətlərinin geniş və çoxşaxəli xarakter daşıdığını bir daha nümayiş etdirdi. Müxtəlif sahələri əhatə edən razılaşmalar dövlətlərarası əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirərək gələcək layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratdı. Prezident cənab İlham Əliyev əminliklə bildirdi ki, əldə olunan bütün razılaşmalar əvvəlki illərdə olduğu kimi uğurla icra ediləcək və konkret nəticələr verəcək.
Dövlət səfərinin mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarlar oldu. Prezident cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaiti iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılıb. Bu qərar hər iki ölkənin iqtisadi tərəfdaşlığa böyük önəm verdiyini göstərir. Fond vasitəsilə Qırğızıstanda həyata keçirilən layihələr birgə istehsalın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın inkişafına və iqtisadi potensialın daha da güclənməsinə xidmət edir. Dövlət başçısı bunun son hədd olmadığını bildirərək gələcəkdə Fondun imkanlarının daha da genişləndiriləcəyini də istisna etmədi.