Azərbaycan sevgisinin sonsuzluğa doğru qanad açdığı gün; - 28 May - Müstəqillik Günü

107 il bundan öncə bu gün, Azərbaycan xalqı şərqdə və müsəlman aləmində ilk hüquqi, dünyəvi və demokratik dövlət quruluşunu yaradaraq öz istiqlaliyyətini elan etmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən imzalanmış İstiqlal Bəyannaməsində deyilirdi:
“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.”
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu yaradıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində çoxsaylı mütərəqqi qanunlar qəbul olundu. Azərbaycanın ilk parlamentli, hökuməti yaradılaraq dövlət atributları təsis olundu. Dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı.
Böyük zəhmətlərin nəticəsində dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı. Azərbaycan ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimiz möhkəmləndirildi.
Müstəqilliyimizin bizə verdiyi bəhrələr bu gün ölkəmizin bütün dünyada tanınmasına, qəbul olunmasına imkan vermişdir. İndi müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, öz milli, mədəni və multikultural dəyərləri ilə dünya ölkələri üçün əsl nümunəyə çevrilir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı regionun iqtisadi-siyasi, hərbi baxımdan ən güclü dövlətinə çevirib. Elə bu gücün nəticəsidir ki, şanlı Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində mənfur erməni ordusunu tamamilə darmadağın edərək illərdir işğalda saxlanılan torpaqlarını azad etdi.
Dövlətimizin başçısının söylədiyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Azərbaycanın müstəqilliyi əbədidir!”.
Bu əlamətdar tarixi gün, Müstəqillik Bayramı münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq, birlik və bərabərlik arzulayırıq.