Dövlət başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Prezident İlham Əliyev müsahibə zamanı bir neçə gün əvvəl ABŞ-də Ermənistan və Azərbaycan arasındakı tarixi razılaşma ilə əlaqədar olaraq bildirib ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. Təqribən beş il əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bu həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.
Prezident “Minsk qrupu artıq bitdimi?” sualına cabab olaraq bildirib ki, Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Hazırda Minsk qrupunun ləğvi ilə bağlı proses başlayıb və bu, onun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir.
Qarabağda həyata keçirilən irimiqyaslı yenidənqurma işləri ilə əlaqədar olaraq ölkə başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinə start verilib. Artıq 50 mindən çox insan azad olunmuş ərazilərdə məskunlaşıb və proses davam edir.
“Tramp marşrutu” Azərbaycana hansı mərhələləri vəd edir?” sualına cavab olaraq Prezident İlham Əliyev bildirib ki, biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər. Təxminən beş il ərzində bu əlaqə xətləri ilə bağlı onlarla danışıqlar apardıq. Bu müddət ərzində Naxçıvanla birləşmək üçün Ermənistan sərhədinədək dəmir yolu tikməyə və magistral yollar salmağa başladıq. Ancaq təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq.
Azərbaycan və İran arasında münasibətlərlə bağlı Prezident bildirib ki, İran Prezidenti Azərbaycana iki dəfə səfər edib. Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq. O, azərbaycanlıdır, mənim kimi eyni qanı daşıyır, biz eyni dildə danışırıq, tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır.
Prezident qeyd edib ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək.
Rusiya-Azərbaycan münasibətləri ilə bağlı olaraq dövlət başçısı bildirib ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür.
İsrail ilə Suriya arasında gərginliyin azaldılmasında Azərbaycanın rolu ilə bağlı Prezident bildirib ki, Ermənistanla qarşıdurmamızda Ermənistan tərəfinə keçən Əsəd hökuməti ilə bizim 10 ildən çox heç bir münasibətimiz yox idi. Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik. Bu ilin aprelində Türkiyədə mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım etməyə başladıq. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik, onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik. İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək.
Prezident müsahibə zamanı həmçinin, Azərbaycanın enerji siyasəti, ölkəmzin İslam dini məzhəbləri arasında birliyin təmin olunmasına töhfəsi, Avropa və Ərəb ölkələri, eyni zamanda Amerika ilə Azərbaycan arasındakı münasibətlər, Türkdilli dövlətlər arasında Azərbaycanın rolu və digər məsələlərlə bağlı bir sıra mühüm məqamlara toxunub.