Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib.

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Çıxış zamanı Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını xüsusilə qeyd edən dövlətimizin başçısı bu münasibətlərin qardaşlıq, dostluq və qarşılıqlı dəstəyə əsaslandığını, böyük inkişaf potensialına malik olduğunu bildirib.
Prezident İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətinə toxunaraq Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib: “Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.
Dövlət başçısı həmçinin yaxın günlərdə Gəncə şəhərində keçirilən III MDB Oyunlarının əhəmiyyətini vurğulayıb: “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.”
Qeyd edək ki, görüşün sonunda iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanmışdır.