Dekabrın 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Məmmədov İbrahim İsmayıl oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarı başında tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sektor müdiri İmran Əliyev, Dini Qurumlar Agentliyinin nümayəndəsi, 3 nömrəli məktəbin müəllim və şagirdləri iştirak edib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri çıxış edərək İcra başçısının salamlarını çatdırıb, şəhidimizin ailəsinə olan hörmət və ehtiramını bildirib. Qeyd edib ki ,Məmmədov İbrahim İsmayıl oğlu 1994-cü ildə könüllü olaraq torpaqlarımızın müdafiəsində iştirak edib və Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, onların qəhrəmanlığı gənclər üçün bir örnək olacaqdır. Tədbirdə həmçinin, Sosial xidmətlər Agentliyinin sektor müdiri İmran Əliyev və qəhrəmanımızın bacısı Rəna Məmmədova çıxış ediblər. Şəhidin bacısı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib. Sonda şəhidimizin ruhuna dualar oxunub.