Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində “Sığorta maarifləndirməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Şükür Babayev ictimai həyatın əksər sahələrində, o cümlədən, iqtisadiyyatın inkişafında sığortanın rolundan bəhs edib, maliyyə savadlılığının artırılmasının gündəlik həyatda və iş sahəsində daha məhsuldar olmağa şərait yaratdığını vurğulayıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin şöbə rəisi Azər Mədətov tədbirin maliyyə qərarlarının verilməsi üçün müvafiq bilik və bacarıqlarının artırılmasını hədəflədiyini bildirib, iştirakçılara sığortanın üstünlükləri və qazandırdığı dəyərlər barədə məlumat verib.

Sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları Aysel Əliyeva və Ceyhun İbrahimov sığorta sahəsində maliyyə savadlılığının artırılması məqsədilə icra hakimiyyəti orqanlarının nümayəndələri üçün sığorta sisteminin əsasları, müasir tendensiyalar, sığorta məhsullarını qiymətləndirməsi və müvafiq sahədə istehlakçı hüquqlarının daha yaxşı öyrənilməsi mövzularında ətraflı məlumat veriblər.

Diskussiya şəraitində keçirilən tədbirin davamında iştirakçıların sualları cavablandırılıb.