Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq məsələləri xüsusi aktuallıq daşıyır. Bu gün dünya ölkələri arasında əlaqələr enerji, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi ilə daha çox xarakterizə olunur və bütün bunlar tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında inkişaf edən əlaqələr də məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
İki ölkə arasında münasibətlər daim qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipləri üzərində qurulmuşdur. 1997-ci ildə diplomatik münasibətlərin təsis olunması ilə başlanan bu əməkdaşlıq sonrakı mərhələdə uğurla inkişaf etmiş, siyasi dialoq intensiv və sistemli xarakter almışdır. Cənub-şərqi Avropanın sürətlə inkişaf edən ölkəsi ilə Cənubi Qafqazın lider ölkəsi arasında münasibətlərin inkişafında dövlət başçıları arasındakı davamlı dialoq, qarşılıqlı hörmət və etimad da mühüm rola malikdir.
15 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər tərəflər arasında qarşılıqlı hörmət, etimad və əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üzrə ortaq iradənin mövcudluğunu bir daha təsdiqlədi. Şübhəsiz ki, bu sənədlər enerji, nəqliyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın daha dərin səviyyədə inkişafına zəmin yaradacaq.
Bu münasibətlə mətbuata bəyanatlarla çıxış edən hər iki dövlət başçısı əlaqələrin dinamik inkişafından məmnun olduqlarını ifadə edərək əldə olunmuş razılaşmaların önəmini vurğulamışdır.
Prezident İlham Əliyev bəyanatında Serbiya xalqını Dövlətçilik Günü münasibətilə təbrik edərək bildirib ki, Prezident Vuçiç xalqına, dövlətinə, dövlət maraqlarına bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. “Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik.”
Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanmaq və daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaq.
Dövlət başçısı bildirib ki, birgə elektrik stansiyasının yaradılması Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.
Dost ölkənin uğurlu inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev çıxışının sonunda qeyd edib; - Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!