Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanmışdır

Xartiyaya əsasən Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini və regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini bir daha təsdiqləyirlər.
Həmçinin, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini və diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar.
Qeyd edək ki, regional bağlantılar, o cümlədən enerji, ticarət, tranzit, iqtisadi sərmayələr, süni intellekt (AI), rəqəmsal infrastruktur, təhlükəsizlik əməkdaşlığı, institusional çərçivə və tətbiq sahələri olmaqla dörd bölmədən ibarət olan bu mühüm sənəd ölkəmizdə süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının gücləndirilməsi, hərbi sənaye avadanlıqlarının satışı, eləcə də digər mühüm iqtisadi layihələri əhatə edir ki, bütün bu amillər gələcəkdə Azərbaycanın regional və qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.