Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasəti onu regionun əsas enerji mərkəzlərindən birinə çevirmişdir. Bu baxımdan müntəzəm olaraq respublikamızda keçirilən enerji zirvələri xüsusi əhəmiyyyət daşıyır və bu tədbirlər dünya ölkələri və aparıcı qlobal şirkətlər tərəfindən maraqla qarşılanır. Hər il bu tədbirlərdə iştirakçı ölkələrin sayı artır.
Cari ilin martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkətinin iştirakı da bunu bir daha təsdiq edir.
Bu mühüm tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan illər öncə başladığı enerji strategiyasını ardıcıl və prinsipial şəkildə həyata keçirərək müxtəlif ölkələrin etibarlı tərəfdaşına çevrilib.
Coğrafi baxımdan Şərqlə Qərbi birləşdirən Azərbaycan enerji təhlükəsizliyi məsələsində də qarşılıqlı fayda prinsipi ilə hərəkət edir ki, bu da müasir dövrdə nadir rast gəlinən siyasi mədəniyyət nümunəsidir. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihə bir daha sübut edir ki, iradə, dəqiqlik və tərəfdaşlıq ruhu olduqda ən mürəkkəb geosiyasi maneələri belə aşmaq mümkündür.
Bu mühüm layihə çərçivəsində Azərbaycanın ixrac imkanlarının daha da artdığına diqqət çəkən dövlət başçısı bildirdi ki, artıq Avropanın iki ölkəsinə - Almaniyaya və Avstriyaya da qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.
Tədbirdə diqqət çəkən əsas məqamlardan biri də yaşıl enerji gündəliyidir. Ənənəvi enerji resursları ilə zəngin olan Azərbaycanın paralel şəkildə bərpaolunan enerji mənbələrinə sərmayə yatırması strateji uzaqgörənliyin göstəricisidir. Prezident cənab İlham Əliyev çıxışında bildirdi ki, ölkəmiz artıq “yaşıl enerji zonası” konsepsiyasını reallığa çevirir, işğaldan azad edilmiş ərazilərdə günəş və külək enerjisi layihələri geniş vüsət alır.
Dövlət başçısı həmçinin bildirdi ki, cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, ölkəmizin malik olduğu potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir.
Əlbəttə ki, bu yanaşma təsadüfi deyil. Qlobal iqlim dəyişiklikləri fonunda enerji siyasətinin şaxələndirilməsi həm ekoloji, həm də iqtisadi zərurətdir. Azərbaycan isə bu prosesi gecikmədən, planlı şəkildə həyata keçirir. Dövlət başçısının nitqindəki əsas mesajlardan biri də məhz balanslı enerji modelinin qurulması idi. Əsas məqsəd ənənəvi qaz ixracatçısı olmaqla yanaşı, alternativ enerjidə də regional liderə çevrilməkdir.