Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiya, nəqliyyat, təhsil, mədəniyyət, turizm və humanitar sahələrdə yeni məzmun qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr bu münasibətlərin davamlı xarakter daşıdığını göstərir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəkləyir və Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində vahid mövqedən çıxış edir.
Prezident cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də ortaq tarixə, milli-mənəvi dəyərlərə, qardaşlıq və qarşılıqlı etimada əsaslanır. Müttəfiqlik münasibətlərinin rəsmən təsdiqlənməsi, investisiya fondunun genişləndirilməsi, yeni iqtisadi layihələrin həyata keçirilməsi, humanitar əlaqələrin inkişafı və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində əldə olunan razılaşmalar gələcək illərdə Azərbaycan–Qırğızıstan tərəfdaşlığının daha da möhkəmlənəcəyini göstərir.
Bu səfər həm ikitərəfli münasibətlərin inkişafında, həm də Türk dünyasının inteqrasiyası və regional əməkdaşlığın genişlənməsi baxımından mühüm tarixi mərhələ kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyevin ifadə etdiyi kimi, qarşılıqlı etimad, dostluq və müttəfiqlik prinsipləri üzərində qurulan bu münasibətlər bundan sonra da yeni uğurlarla zənginləşəcək və hər iki xalqın rifahına, regionda sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcəkdir.