Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, Türk dünyasında həmrəyliyin, qarşılıqlı etimadın və strateji əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul olunan qərarlar və dövlət başçılarının mətbuata bəyanatları iki qardaş ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqlədi.
Prezident cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçısının sözləri ilə desək, “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.” Bu fikir yalnız iki ölkə arasında siyasi iradənin ifadəsi deyil, həm də gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm strateji mesajdır. Prezident qeyd etdi ki, Azərbaycan və Qırğızıstan bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində, iqtisadi-ticari əməkdaşlıqda, təhlükəsizlik məsələlərində və qarşılıqlı maraq doğuran bütün sahələrdə bir-birini dəstəkləməyə davam edəcək.