İqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biri kimi İssık-Kul gölünün sahilində inşa olunmuş beşulduzlu “Bakı Resort & Spa” mehmanxanasının açılışı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən və “Bakı” adını daşıyan bu müasir turizm kompleksi iki ölkə arasında dostluğun, qarşılıqlı etimadın və iqtisadi tərəfdaşlığın rəmzi kimi qiymətləndirilir. Layihə həm Qırğızıstanın turizm sektorunun inkişafına töhfə verir, həm də Azərbaycan investisiyalarının xaricdə uğurlu nümunələrindən biri hesab olunur.
Prezident İlham Əliyevin bəyanatında humanitar və mədəni əməkdaşlıq məsələləri də xüsusi yer tutdu. Dövlət başçısı Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstan rəhbərliyinə təşəkkürünü bildirərək Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışını iki xalqın qardaşlığının və həmrəyliyinin parlaq nümunəsi kimi dəyərləndirdi. Uzun illər işğal nəticəsində dağıntılara məruz qalmış Qarabağın yenidən qurulmasına Qırğızıstanın verdiyi töhfə Türk dünyasının birlik və həmrəyliyinin real təzahürü kimi qiymətləndirildi.