Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri əlaqədar olaraq mətbuata bəyanatla çıxış etmişdir

Dövlətimizin başçısı çıxışı zamanı altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüşün əhəmiyyətini vurğulamış, Azərbaycana göstərilən çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına minnətdarlıq bildirmişdir.
Prezident İlham Əliyev qeyd edib ki, dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq bizim üçün böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik.
Dövlət başçısı bildirib ki, Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir. Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.
Prezident İlham Əliyev bildirib ki, Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Strateji Xartiya danışıqların mahiyyəti baxımından tarixidir. “Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.
Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.”