
Azərbaycanla Özbəkistan arasında münasibətlər qədim tarixi, zəngin mədəni-mənəvi dəyərlər və qarşılıqlı etimada əsaslanan möhkəm təməl üzərində inkişaf edir. Son illərdə bu əlaqələr yeni məzmun qazanaraq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. İqtisadiyyat, nəqliyyat, energetika, investisiya, humanitar və digər sahələrdə genişlənən əməkdaşlıq iki qardaş ölkənin regional və beynəlxalq müstəvidə birgə fəaliyyət imkanlarını da artırır. Bu baxımdan, Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü inkişaf səviyyəsini, əldə olunan mühüm nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən yeni hədəfləri əks etdirən mühüm siyasi mesaj kimi xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan əlaqələri yalnız tarixi, mədəni və mənəvi yaxınlıqla məhdudlaşmır, eyni zamanda regional inteqrasiya ilə zənginləşən strateji məzmun kəsb edir.
Bu səfərin mühüm xüsusiyyətlərindən biri Azərbaycan və Özbəkistan münasibətlərinin möhkəm mənəvi təməlinin real əməkdaşlıq mexanizmləri ilə tamamlanmasıdır. Prezident İlham Əliyev bəyanatında Azərbaycan xalqının Özbəkistana və qardaş Özbəkistan xalqına eyni xoş və qardaşlıq hisslərini bəslədiyini vurğulayaraq, səfərin nəticələrinin də bu münasibətlərin səmimiliyini təsdiqlədiyini bildirdi. Bu fikirlər iki xalqı birləşdirən ortaq tarixi köklərin və mənəvi dəyərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını bir daha nümayiş etdirir.
Dövlət başçısı Daşkəndə hər səfərində şəhərin və bütövlükdə Özbəkistanın sürətli inkişafının şahidi olduğunu qeyd etdi. Bildirildi ki, ölkədə sənayenin, kənd təsərrüfatının, energetikanın, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafı Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi məqsədyönlü islahatların nəticəsidir. Bu yanaşma həm də Azərbaycan rəhbərliyinin Özbəkistanın uğurlarına dost və qardaş ölkə kimi verdiyi yüksək dəyərin ifadəsidir.
Səfərin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni hüquqi və siyasi çərçivə ilə möhkəmləndirilməsidir. Avqustun 23-də keçirilən Ali Dövlətlərarası Şuranın üçüncü iclasında iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səfəri tarixi hadisə kimi qiymətləndirdi. Həmin görüşdə Əbədi dostluq haqqında Müqavilənin imzalanması münasibətlərin gələcək inkişafı baxımından mühüm siyasi hadisədir.
Azərbaycan və Özbəkistanın münasibətlərində iqtisadi əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, bu gün artıq iki ölkə arasında müxtəlif istiqamətlərdə çoxsaylı qarşılıqlı investisiya və əməkdaşlıq layihələri həyata keçirilir. Energetika, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi, avtomobil sənayesi, turizm, bankçılıq, dağ-mədən və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar formalaşıb. İki ölkənin iqtisadiyyatlarının paralel inkişafı isə qarşılıqlı layihələrin sayının və miqyasının artırılması üçün möhkəm zəmin yaradır.
Xüsusilə əmtəə dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı hədəf iqtisadi əlaqələrin gələcək perspektivlərini göstərən mühüm göstəricidir. Son beş ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi üç dəfə artıb. Bu artım münasibətlərin siyasi səviyyədən iqtisadi-praktik müstəviyə keçidinin mühüm göstəricilərindəndir. Qarşıya qoyulan 1 milyard dollarlıq hədəfin isə son hədd olmadığı, gələcəkdə bu göstəricinin daha da artırılmasının mümkünlüyü vurğulanıb.
Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına ilk dəstək göstərən qardaş ölkələrdən biridir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması bu dəstəyin konkret nümunələridir. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində müstəsna rolunu xüsusi qeyd edib.
Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də mənəvi məna daşıyır. Qarabağın dirçəldilməsində qardaş Özbəkistanın iştirak etməsi Azərbaycan xalqında xüsusi rəğbət və minnətdarlıq hissi doğurur. Eyni zamanda, bu dəstək türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı etimadın real nümunəsidir.
Mədəni-humanitar sahədə əldə olunan razılaşmalar da münasibətlərin dərinliyini nümayiş etdirir. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının istifadəyə verilməsi, Yeni Daşkənddə Azərbaycan parkının yaradılmasına başlanılması, Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinə həsr olunan birgə bədii filmin hazırlanması iki xalqın ortaq mədəni irsinin təbliği baxımından əlamətdar hadisələrdir. Həmçinin Azərbaycan Mədəniyyəti Günlərinin Özbəkistanda keçirilməsi və ali təhsil müəssisələri rektorlarının forumunun Azərbaycanda təşkili humanitar əlaqələrin yeni mərhələyə yüksəldiyini göstərir.
Nizami Gəncəvi və Əlişir Nəvai kimi böyük mütəfəkkirlərin yaradıcılığını birləşdirən ortaq mənəvi xətt Azərbaycan və Özbəkistan xalqlarının əsrlər boyu formalaşmış mədəni yaxınlığının parlaq ifadəsidir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız keçmişin irsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsillər arasında qarşılıqlı marağın və dostluğun möhkəmləndirilməsinə xidmət edir.
Gənclər və idman sahəsində əməkdaşlıq da qarşıdakı dövrdə mühüm istiqamətlərdən biri olacaq. 2027-ci ildə Azərbaycan və Özbəkistanın gənclər arasında futbol üzrə dünya çempionatına birlikdə ev sahibliyi etməsi iki ölkənin beynəlxalq miqyaslı idman tədbirində birgə iştirakının yeni nümunəsidir. Bu çərçivədə “İki ölkə – bir çempionat” proqramının həyata keçirilməsi nəzərdə tutulur. Belə təşəbbüslər gənclər arasında əlaqələrin genişlənməsi ilə yanaşı, Azərbaycan və Özbəkistanın dünyada birlikdə təqdim olunmasına da imkan yaradacaq.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycan–Özbəkistan münasibətlərinin artıq regional proseslərin mühüm amilinə çevrilməsidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşləri formatına qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında qarşılıqlı əlaqələrin güclənməsi baxımından əhəmiyyətli hadisədir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşır. Bu baxımdan Bakı ilə Daşkənd arasında sıx əməkdaşlıq həmin məkanın inkişafında mühüm rol oynaya bilər.
Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyən mövqedən çıxış edir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlığın gücləndirilməsi iki ölkənin xarici siyasət gündəliyində mühüm yer tutur. Bu həm də Türk dünyasının beynəlxalq müstəvidə daha sıx əməkdaşlığı üçün yeni imkanlar yaradır.Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini bir daha aydın göstərdi: bu münasibətlər möhkəm tarixi və mənəvi bağlara söykənən, konkret iqtisadi layihələrlə zənginləşən, regional əməkdaşlığa mühüm töhfə verən strateji tərəfdaşlıq modelidir.
Bu gün Azərbaycan və Özbəkistanın münasibətlərində əsas hədəf artıq yalnız mövcud əlaqələri qorumaq deyil, onları daha da genişləndirmək və yeni sahələrə daşımaqdır. Əbədi dostluq haqqında müqavilə, 1 milyard dollarlıq ticarət hədəfi, Orta Dəhlizin inkişafı, qarşılıqlı investisiyaların artırılması, Qarabağın bərpasında əməkdaşlıq, mədəni-humanitar layihələr və gənclər arasında əlaqələrin genişləndirilməsi bu gələcəyin əsas istiqamətlərini müəyyənləşdirir.
Prezident İlham Əliyevin səfər zamanı vurğuladığı kimi, Azərbaycan–Özbəkistan münasibətləri həm mənəvi, həm də maddi baxımdan möhkəm təməl üzərində qurulub. Məhz bu iki amilin vəhdəti iki qardaş ölkənin əməkdaşlığını fərqləndirən başlıca xüsusiyyətdir. Qarşılıqlı etimad, siyasi iradə və konkret fəaliyyət planları mövcud olduqca Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin daha böyük layihələrə, daha geniş əməkdaşlığa və yeni uğurlara yol açacağı şübhəsizdir.
