Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümdür

1875-ci il iyulun 22-də ölkəmizdə ilk anadilli mətbuat orqanı olan "Əkinçi" qəzetinin birinci nömrəsi nəşr olunub. Beləliklə, Azərbaycan milli mətbuatının əsası qoyulub. Mürəkkəb bir tarixi dövrdə xalqı maarifləndirmək, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi mühüm bir missiyanı özünə yenilməz bayraq etmiş "Əkinçi” qəzeti təəssüf ki, 27 ay yaşadı, cəmi 56 nömrəsi nəşr olundu.
XX əsrin əvvəllərində Azərbaycanın sovetləşməsi ilə həyata ideoloji nəzərlərlə baxmağa məcbur edilən milli mətbuatımız 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə demokratik vətəndaşlıq hüququ qazandı, lakin, suverenliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinlik və faciələr mətbuatımızdan da yan keçmədi.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycan milli mətbuatının inkişaf tarixində yeni bir mərhələ açdı. Qarşıya çıxan maddi-texniki, maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü. 1998-ci ildə Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ölkəmizdə söz və mətbuat azadlığının, mətbuatın inkişafına ciddi təkan verdi.
Müstəqil, milli mətbuatın inkişafına xidmət edən bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Mətbuatın inkişafı yolundakı çətinliklər aradan qaldırılır, onun aktual problemlərinin həllinə şərait yaradılır.
2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Eyni zamanda, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Qeyd edək ki, müstəqillik illərində Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində bu gün Qarabağda, Şərqi Zəngəzurda uğurla icra olunan Böyük Qayıdış üzrə birinci Dövlət Proqramı həm də həmin bölgədə beynəlxalq səviyyəli mühüm forumların keçirilməsinə geniş imkanlar yaratmaqdadır. Bu baxımdan hər il Şuşada keçirilən media forumları xüsusi əhəmiyyət daşıyır. Belə ki, 2023-cü il 21-23 iyul tarixlərində Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda və 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media Forumlar keçirilmişdir.
Media məkanında sürətli qloballaşma prosesinin getdiyi bir vaxtda mövcud qanunvericiliyin təkmilləşdirilməsi də zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Eyni zamanda, hər il ölkəmizdə Milli Mətbuat Gününün geniş qeyd olunması, kütləvi informasiya vasitələrinə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis olunması və “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı da bu qayğının ən ali nümunəsidir.
Milli Mətbuat Günü münasibətilə bütün media işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!