Prezident İlham Əliyev Özbəkistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin genişləndirilməsi potensialından danışan dövlət başçısı Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşünün qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev bildirib ki, bu, mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq.
“Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Mən dəvətə, həmçinin Azərbaycanın bu mühüm tədbirdə iştirakına göstərilən dəstəyə görə bütün həmkarlarıma, ilk növbədə isə qardaşım Şavkat Mirziyoyevə səmimi təşəkkürümü bildirirəm.”
Prezident vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır.
“İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.”