Ötən dövrdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edən əlaqələr davamlı olaraq genişlənmiş, qarşılıqlı faydalı əməkdaşlıq modelinə çevrilmişdir. Bu münasibətlərin inkişafında dövlət başçılarının yüksək səviyyəli siyasi dialoqu xüsusi rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüşlər, qarşılıqlı səfərlər və mütəmadi təmaslar ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verir.Aprelin 21-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycan Respublikasına rəsmi səfəri də qarşılıqlı əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçrilən görüşlər imzlanan sənədlər Azərbaycan–Latviya münasibətlərinin gələcək inkişafına güclü təkan vermiş və strateji tərəfdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaratmışdır.Ali qonağın ölkəmizə səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ötən illər ərzində ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bildirib ki, bu mühüm sənəd iki ölkə arasındakı münasibətlərdə hüquqi çərçivə yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır.Aprelin 15-də Şuşada Azərbaycanla Latviya arasında keçirilən iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının xüsusi əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bu formatın ikitərəfli münasibətlərin praktik nəticələrə yönəldilməsində mühüm rol oynadığını bildirib. Dövlət başçısı qeyd edib ki, komissiyanın fəaliyyəti qarşılıqlı maraq doğuran sahələrdə konkret layihələrin həyata keçirilməsinə, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə və humanitar əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradır.Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək.Dövlət başçısı bildirib ki, həmçinin biz Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik. “Mən cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər.”Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Latviya Prezidentlərinin geniş tərkibdə və təkbətək görüşü baş tutmuşdur. Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilmiş və iki ölkə arasında imzalanmış sənədlər mübadilə edilmişdir.