Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin dördüncü ildönümüdür

Azərbaycanın böyük qələbəsi ilə başa çatan ikinci Qarabağ müharibəsindən sonra 15 iyun 2021-ci il tarixində imzalanan bu tarixi sənəd Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsində əhəmiyyətli rola malikdir. İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuş bu Bəyannamə bölgədə maraqları olan və öz çirkin əməllərini həyata keçirmək niyyəti olan üçüncü ölkələrə qarşı vacib sənəddir.
Şuşa Bəyannaməsi 1921-ci ildə imzalanmış Qars müqaviləsinin, 1994-cü ildə imzalanmış “Azərbaycan və Türkiyə arasında dostluq və hərtəfərli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin məntiqi davamıdır.
Regionda sülh, sabitlik və firavanlığın təmin olunması istiqamətində xüsusi əhəmiyyətə malik olan bu tarixi sənəd iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltməklə bərabər, eyni zamanda münasibətlərin gələcəkdə necə inkişaf edəcəyinə dair yol xəritəsidir. Ümumi maraqların qorunmasında xüsusi önəm daşıyan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini; - siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Bütün bunlar isə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.
Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı və ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı.
Bu tarixi sənəd Türk dünyasının birliyinə, Azərbaycanın və Türkiyənin regional və qlobal güc kimi daha da möhkəmlənməsinə xidmət edən strateji yol xəritəsidir. Məhz buna görə Şuşa Bəyannaməsi tarixi bir səs, siyasi bir güc və təhlükəsizlik zəmanətidir.