Azərbaycan-İtaliya münasibətləri Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpü yaradır

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlər son illərdə dinamik inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji, ticarət, sənaye, müdafiə, mədəniyyət və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpü rolunu oynayır. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol və İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olması bu münasibətlərin daha möhkəm iqtisadi baza üzərində qurulmasına zəmin yaratmışdır. Bu amillər Azərbaycan–İtaliya əlaqələrinin davamlı və dayanıqlı xarakter daşımasını təmin etməklə yanaşı, tərəflər arasında uzunmüddətli strateji əməkdaşlığın formalaşmasına xidmət edir. Enerji resurslarının şaxələndirilməsi və Avropa bazarlarına etibarlı təchizatın təmin edilməsi baxımından Azərbaycanın rolu getdikcə artmaqda, İtaliya isə bu prosesdə əsas tərəfdaş kimi çıxış edərək qarşılıqlı iqtisadi maraqların uzlaşdırılmasına mühüm töhfə verməkdədir.
2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri də bu strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə kimi tarixə düşmüşdür. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar iki ölkə arasında dostluğun bundan sonra inamla davam etdiriləcəyini təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ali qonağın səfəri ilə əlaqədar bəyanatında Azərbaycan–İtaliya əlaqələrinin mövcud vəziyyətini yüksək qiymətləndirərək bildirib ki, bu münasibətlər yalnız iqtisadi deyil, həm də siyasi və strateji müstəvidə uğurla inkişaf edir. Dövlət başçısı qeyd edib ki, İtaliya və Azərbaycan strateji tərəfdaşdırlar. 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır.
İki ölkə arasında siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya uzun illərdir Azərbaycanın birinci ticarət tərəfdaşı olaraq qalır və bu əməkdaşlıq xüsusilə enerji sektorunda özünü daha qabarıq şəkildə göstərir. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya nəqli iki ölkə arasında əməkdaşlığın ən mühüm sütunlarından biridir.
Dövlət başçısı həmçinin qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkərək sənaye, kənd təsərrüfatı, hərbi-texniki, yüksək texnologiyalar və alternativ enerji sahələrində birgə layihələrin həyata keçirilməsinin böyük potensiala malik olduğunu bildirmişdir. Bu kontekstdə İtaliya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində fəal iştirakı xüsusi vurğulanmışdır.
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.