Azərbaycan və Gürcüstan arasında əlaqələr bu gün regionda sabitliyin, qarşılıqlı etimadın və səmərəli əməkdaşlığın parlaq nümunələrindən biri kimi çıxış edir. Tarixi köklərə, ortaq dəyərlərə və strateji maraqlara əsaslanan bu münasibətlər ötən illər ərzində davamlı inkişaf edərək bu gün yüksək səviyyəli tərəfdaşlıq mərhələsinə yüksəlmişdir.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasına dövlət səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının səfəri həm ikitərəfli əlaqələrin genişləndirilməsinə həm də Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının dərinləşdirilməsinə, regional əməkdaşlığın inkişafına və gələcək üçün möhkəm əsasların formalaşdırılmasına xidmət edir.
Qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə söykənən bu münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata bəyanatında vurğulamışdır ki, hər iki ölkə daim bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmiş və bundan sonra da bu mövqeyə sadiq qalacaqdır. Bu yanaşma iki dövlət arasında siyasi etimadın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, iki ölkə arasında tərəfdaşlığın strateji xarakterini daha da gücləndirmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri regional layihələr təkcə iştirakçı ölkələrin deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi xəritəsini dəyişdirən mühüm təşəbbüslər kimi qiymətləndirilir. Bu layihələr regionda enerji təhlükəsizliyinin təmin olunmasına, nəqliyyat-logistika imkanlarının genişlənməsinə və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir.
Bu mühüm məqamı vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, eyni zamanda Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər göstərilir və göstəriləcəkdir.
İki ölkəni birləşdirən amillər yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Azərbaycan və gürcü xalqları əsrlər boyu mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamış, zəngin mədəni əlaqələr formalaşdırmışdır. Bu tarixi ənənələr bu gün də uğurla davam etdirilir və dövlətlərarası münasibətlərin möhkəm sosial-mədəni təməlini təşkil edir. Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yetirərək bildirmişdir ki, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir.
Qeyd edək ki, Gürcüstan Respublikasına dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev Prezident Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirib. Prezident İlham Əliyevin şərəfinə Gürcüstanın hakim partiyasının (“Gürcü Arzusu”) fəxri sədri Bidzina İvanaşvilinin adından lanç verilib. Həmçinin dövlətmizin başçısı və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Əminik ki, bundan sonra da iki ölkə arasında əlaqələr uğurla inkişaf edəcək və regionda əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.