Azərbaycan-Gürcüstan əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Bu gün Azərbaycan və Gürcüstan arasındakı mehriban qonşuluq və tarixi dostluq münasibətləri regionun digər ölkələri üçün də nümunə təşkil etməkdədir. İki ölkə bir sıra irimiqyaslı enerji və nəqliyyat-kommunikasiya layihələrini, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz-boru kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini reallaşdırır ki, bu da regionda sülhə və sabitliyə xidmət edən mühüm amildir.
Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərin əyani təzahürüdür. Səfər çərçivəsində ölkə başçılarının təkbətək və geniş tərkibdə görüşü keçirilib. Ali qonağın ölkəmizə səfəri ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev Gürcüstan Prezidentinin vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfəri Azərbaycana etməsini çox yüksək qiymətləndirdiyini bildirib. “Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. İki ölkə sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi layihələr sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan və Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.”
Dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsinə verdiyi töhfələri xüsusi olaraq vurğulayıb. “Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.”
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bəyanatında bildirib ki, bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.