Azərbaycan elminin müasir çağırışlara cavab verən inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir

Hər bir ölkənin inkişafında elmin rolu danılmazdır. Elmə əsaslanan hər bir fəaliyyət daha uğurlu və məhsuldar olur. Ölkəmizdə elmi potensialın milli sərvətə çevrilməsində əsas mərkəzlərdən biri olan Azərbaycan Milli Elmlər Akademiyası da yarandığı gündən nailiyyətlərlə dolu bir yol keçmişdir. Ötən dövrdə akademiya həm iqtisadiyyatımızın müxtəlif sahələrində uğurla tətbiq olunmuş elmi-tədqiqatların aparılmasında, həm də ölkəmizdə milli təfəkkürün, milli-mənəvi dəyərlərin qorunub, inkişaf etdirilməsində önəmli rol oynamışdır. Bu il bu mühüm elmi təşkilatın təsis edilməsinin 80 ili tamam olur. Bu münasibətlə 3 noyabr 2025-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edərək çıxış edib. Yubiley münasibətilə Azərbaycan elmi ictimaiyyətini, tədbir iştirakçılarını təbrik edən dövlət başçısı ötən dövrdə akademiyanın ölkəmizdə elmin inkişafında aparıcı rol oynadığını, bu istiqamətdə böyük bir yol keçildiyini diqqətə çatdırıb.
Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə akademiyanın fəaliyyətinin daha da təkmilləşdirildiyini, yeni elmi-tədqiqat institutlarının yaradıldığını, elmin inkişafına böyük vəsait ayrıldığını qeyd edən dövlət başçısı bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə məhz həmin dövrdən başlayaraq yüz minlərlə Azərbaycan gənci Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və ölkəmizdə intellektual potensial daha da güclənmişdir.
Prezident qeyd edib ki, eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.
Son on il ərzində Azərbaycan elminə ayrılan vəsaitin iki dəfədən çox artdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu illər ərzində akademiyanın maddi-texniki bazası möhkəmləndirilmiş, akademiya şəhərciyində yerləşən binalar təmir edilmiş, böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutları təmir və lazımi avadanlıqlarla təchiz edilmişdir. Yəni bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır və yeni formalarla zənginləşir.
Akademiyanın 70 illik yubileyində çıxışını xatırladan ölkə başçısı bildirib ki, ötən on il ərzində dünyada köklü dəyişikliklər baş verib, dünya iqtisadiyyatı tamamilə dəyişib. Dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə isə son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bir neçə gündən sonra biz şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.
Ölkə başçısı bildirib ki, bu gün biz öz addımlarımızı dəyişən dünyada gedən proseslərə uyğunlaşdırmalıyıq və təşəbbüslər irəli sürməliyik. Ona görə ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür.
Süni intellektin və kibertəhlükəsizliyin vacib rolunu diqqətə çatdıran dövlət başçısı, bildirib ki, bu gün bu sahə ölkələrin gələcək inkişafının ayrılmaz hissəsini təşkil edir.
Prezident həmçinin bildirib ki, bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq. Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik.
Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini vurğulayan dövlət başçısı bildirib ki, on il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır.