Son illər ölkəmizdə keçirilən bir sıra mühüm qlobal tədbirlər Azərbaycanın dünya ölkələri arasında ilbəil artan nüfuzundan xəbər verməkdədir. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 8-9 aprel 2025-ci il tarixlərdə Bakı və Xankəndi şəhərlərində keçirilən 7-ci ADA Siyasi Forumu da ölkəmizin qlobal nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsindəki əhəmiyyətli rolunu bir daha ortaya qoyur.
Qeyd edək ki, ənənəvi olaraq forum iştirakçıları işğaldan azad olunmuş hansısa şəhər və ya rayonumuza səfər edirlər ki, bu da, həm erməni vandalizminin dünyaya tanıdılması istiqamətində təqdirəlayiq addımdır, həm də Azərbaycanın dünyaya təqdimatıdır. Belə ki, tədbirin bu il həm də Xankəndidə keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında xüsusi əhəmiyyət daşıyır.
Aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doǧru" mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Forum iştirakçılarının suallarını cavablandıran dövlətimizin başçısı bildirib ki, Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. “Siz orada olmusunuz, nələrin baş verdiyinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam”.
Azərbaycanın qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurduğunu qeyd edən ölkə başçısı bildirib ki, altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq.
Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı Prezident İlham Əliyev bildirib ki, saziş imzalananda əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. “Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və onlara müsbət cavab verdik. Beləliklə, Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq”.
Ölkə başçısı vurğulayıb ki, biz 30 illik işğalı unutmamalıyıq. “Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq”.
Xatırladaq ki, 44 ölkədən 80-dən çox beynəlxalq ekspert və beyin mərkəzi nümayəndələrinin iştirakı ilə dünyanı narahat edən məsələlərin və onların həlli yollarının müzakirə edildiyi forum dünyanın aparıcı media orqanlarının diqqət mərkəzində olub.