Azərbaycan dünyada sabitliyi və dayanıqlı inkişafı ilə seçilən nümunəvi dövlətlərdən biridir

Ötən illər ərzində vətəndaşların rahat və təhlükəsiz həyat şəraitinin təmin edilməsi və beynəlxalq müstəvidə əldə olunan uğurlar ölkəmizin dünyanın nümunəvi dövlətləri sırasındakı mövqeyini daha da gücləndirmişdir. Əlbəttə ki, bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət kursu dayanır. Daxili siyasətdə ölkədə sabitliyin qorunması, hüquq sisteminin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, iqtisadi və infrastruktur layihələrinin uğurlu icrası başlıca rol oynayır. Xarici siyasətdə isə Azərbaycanın öz suverenliyini qoruyaraq strateji tərəfdaşlıqlarını möhkəmləndirməsi, regional və beynəlxalq əlaqələrini davamlı şəkildə inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan səmərəli addımlar həm davamlı olaraq ölkəmizin nüfuzunu artırır və həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Beləliklə, bu gün Azərbaycan dünyada sabitliyi və dayanıqlı inkişafı ilə seçilən nümunəvi dövlətlərdən biridir.
Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev də bu mühüm məqama diqqəti çəkib. Dövlət başçısı bildirb ki, ölkəmiz artıq sülh şəraitində yaşayır, strateji tərəfdaşlıqlar möhkəmlənib və Azərbaycanın beynəlxalq nüfuzu güclənib. Eyni zamanda, əldə olunan nailiyyətlər xalqımız üçün yeni perspektivlər açır və ölkəni gələcəyə inamla aparmağa imkan yaradır.
Prezident həmçinin bildirib ki, ötən il həm də Azərbaycanın döyüş meydanında qazandığı Qələbənin beynəlxalq siyasi müstəvidə rəsmiləşdirilməsi ilə əlamətdar olub. Bu hadisə müstəqillik tariximizin ən yaddaqalan səhifələrindən biri kimi qiymətləndirilir və Azərbaycan–ABŞ münasibətləri baxımından da dönüş nöqtəsi sayılır. Uzun illər ikitərəfli əlaqələrə mane olan 907-ci düzəliş Prezident Donald Tramp tərəfindən aradan qaldırılıb ki, bu da Ermənistan–Azərbaycan müharibəsinin başa çatması və ABŞ administrasiyasının praqmatik yanaşması fonunda mümkün olub və mühüm siyasi rəmzi məna daşıyır.
Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması məsələsi ABŞ Prezidenti tərəfindən də təsdiqlənib və bu layihənin Ermənistanla normallaşma prosesi çərçivəsində həyata keçiriləcəyi bildirilir. Paraflanmış sülh sazişi və imzalanmış birgə Bəyannamə regionda davamlı sülh üçün mühüm əsas kimi dəyərləndirilir. Həmin gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması istiqamətində tarixi hadisə kimi də yaddaqalan oldu. Bütün bu proseslər 2025-ci ilin Azərbaycan üçün nə qədər uğurlu və tarixi il olduğunu bir daha təsdiqləyir.
Prezident bildirib ki, ölkəmizə qarşı böyük ədalətsizlik olan 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edilmişdi. O vaxt Azərbaycanın torpaqları işğal altında idi, Xocalıda soyqırım törədilmiş, ölkəmiz ağır humanitar və iqtisadi böhran içində idi. Uzun illər ərzində Azərbaycan bu düzəlişin ləğvi üçün çalışdı, lakin, Bayden-Blinken administrasiyası bu prosesə əngəl yaratdı. Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Hazırda Amerika-Azərbaycan münasibətləri yeni səviyyədədir, 907-ci düzəlişin səbəbləri isə tamamilə aradan qalxıb. Azərbaycan ərazisindən Ermənistana yüklər gedir, yollar açıqdır və hətta neft məhsulları ixrac edilir. Bu səbəbdən düzəliş simvolik xarakter daşısa da, Konqresin onu birdəfəlik ləğv etməsi üçün kifayət qədər əsas vardır.
Dövlət başçısı ötən ilin əvvəlində ölkəmizin D-8 təşkilatına üzv olmağını çox böyük nailiyyət kimi qiymətləndirib. Bildirib ki, bu təşkilat 30 ilə yaxındır yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Əlbəttə ki, böyük uğurdur.
Xarici siyasətdə digər önəmli uğur Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməmizdir. Bu, yalnız bölgəmiz üçün deyil, həm də dünya üçün strateji əhəmiyyət daşıyan diplomatik nailiyyətdir.
Prezident müsahibəsinin davamında işğaldan azad edilmiş rayonlarımızda həyata keçirilən quruculuq işləri və həmin ərazilərdə keçirilən beynəlxalq tədbirlərdən, türk dövlətləri arasında hərbi əməkdaşlığın mühüm əhəmiyyətindən, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Azərbaycan-Çin əlaqələrinin gələcək inkişafından, yeraltı və yerüstü nəqliyyatın inkişafı istiqamətində görülən işlərdən və digər məsələlərdən bəhs edib.
Prezindent İlham Əliyev bildirib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz sosialyönümlüdür.