Azərbaycan dünyada sabitlik və tərəqqi mərkəzi kimi çıxış edən ölkədir

Müstəqil dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.
Yeni dövrdə ölkəmizdə həyata keçirilən struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, onun qlobal dəyər zəncirinə səmərəli inteqrasiyası, yüksək rifah cəmiyyətinin qurulması, müstəqilliyimizin, əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi və Azərbaycanın qüdrətinin daha da artırılması qarşıda duran əsas vəzifələrdir. Məhz bu məqsədlə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir.
Mühüm əhəmiyyətə malik olan bu strateji sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulmuşdur:
-dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
-dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
-rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
-işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
-təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
“Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” başlığı ilə qəbul edilən bu sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın nüvəsində yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur.
Sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə Azərbaycan Respublikasının 2022–2026-cı illərdə və 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə imzalanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırda uğurla icra olunmaqdadır. Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır.
Beləliklə, Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Bu istiqamətdə növbəti mərhələ 2027-2030-cu illəri əhatə edir. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasını tapşırmışdır. Qarşıdakı beş il ərzində bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaqdır.
Eyni zamanda Prezident İlham Əliyev 10 dekabr 2025-ci il tarixdə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının (süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s.) sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycan Respublikasının regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.
Əlbəttə bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində qüdrətli Azərbaycan dövləti və əhalinin yüksək rifahı dayanır.