Azərbaycanın inkişaf edən enerji siyasəti bu gün ölkəmizin iqtisadi gücünün əsas sütunlarından biri kimi çıxış edir. Bu siyasət yalnız təbii resurslardan səmərəli istifadəni deyil, eyni zamanda strateji planlaşdırma, beynəlxalq əməkdaşlıq və davamlı inkişaf prinsiplərini özündə birləşdirir.
Müstəqilliyin ilk illərində qarşıya çıxan çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji strategiyasının əsası qoyuldu. Ulu Öndərin uzaqgörən siyasıtinin nəticəsi olaraq 1994-cü ildə imzalanan və “Əsrin müqaviləsi” kimi tarixə düşən beynəlxalq neft sazişi ölkəmizin dünya enerji bazarına inteqrasiyasında dönüş nöqtəsi olmuşdur. Müqavilə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasına və iri beynəlxalq şirkətlərin ölkəyə cəlb olunmasına şərait yaratmışdır.
Sonrakı mərhələdə bu siyasət Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilməkdədir. Beləliklə enerji layihələrinin coğrafiyası genişləndirilmiş, yeni ixrac marşrutları yaradılmış və Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilmışdır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və xüsusilə Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ölkəmizin enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Avropanın enerji təchizatında da əhəmiyyətli yer tutmaqdadır.
Qeyd edək ki, Azərbaycanın enerji siyasəti yalnız neft və qaz sektoru ilə məhdudlaşmır. Qlobal iqlim dəyişiklikləri və enerji keçidi fonunda ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Günəş, külək və su enerjisi sahəsində həyata keçirilən layihələr Azərbaycanın “yaşıl enerji” strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi isə bu sahədə atılan mühüm addımlardan biridir.
Bununla yanaşı, Azərbaycan enerji diplomatiyasında da fəal mövqe tutur. Ölkəmiz müxtəlif beynəlxalq platformalarda enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və regional əməkdaşlıq məsələlərinin müzakirəsində aktiv iştirak edir. Bu istiqamətdə həyata keçirilən mühüm beynəlxalq tədbirlərdən biri də “Bakı Enerji Həftəsi”dir.Ötən gün Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək çıxış edib.
Dövlət başçısı çıxışında bildirib ki, bu mötəbər platformanın əsası 1994-cü ildə keçirilən ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas” ilə qoyulmuşdur. Həmin dövr Azərbaycan üçün yeni inkişaf mərhələsinin başlanğıcı idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası çərçivəsində təşkil olunan bu sərgi qısa müddətdə dünyanın diqqətini Azərbaycana yönəltdi. Məhz bu platforma “Əsrin müqaviləsi”nin imzalanmasına aparan mühüm addımlardan biri kimi tarixə düşdü.İllər keçdikcə “Caspian Oil and Gas” sərgisi Xəzər regionunun ən böyük və nüfuzlu enerji sərgilərindən birinə çevrildi. Burada aparıcı beynəlxalq neft şirkətləri, enerji ekspertləri və dövlət nümayəndələri iştirak edərək yeni layihələri müzakirə edir, əməkdaşlıq əlaqələrini genişləndirirlər. Sərgi Azərbaycanın zəngin enerji resurslarını və onun qlobal enerji təhlükəsizliyində oynadığı rolu nümayiş etdirir.
Prezident İlham Əliyev tədbirin əhəmiyyətinin, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunduğunu vurğulayıb. Nəzakətli məktubuna görə Prezident Trampa, həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkür bildirən Prezident İlham Əliyev qeyd edib ki, bu bir daha “Bakı Enerji Həftəsi”nin qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biri olduğunu göstərir.
Dövlət başçısı bildirib ki, qlobal enerji gündəliyində baş verən dəyişikliklər bu platformanın inkişafına da təsir göstərmişdir. Belə ki, bərpa olunan enerji mənbələrinə artan maraq nəticəsində “Caspian Power” – Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi yaradılmışdır. Bu sərgi Azərbaycanın “yaşıl enerji” strategiyasını, alternativ enerji sahəsində həyata keçirilən layihələri və innovativ texnologiyaları nümayiş etdirən mühüm platformadır. Xüsusilə son illərdə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə atılan addımların miqyasını daha da genişləndirmişdir.
“Baku Energy Forum” isə enerji sahəsində qlobal müzakirələrin aparıldığı əsas platformalardan biridir. Forum çərçivəsində enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, regional əməkdaşlıq və dekarbonizasiya kimi aktual mövzular geniş şəkildə müzakirə olunur. Bu mühüm beynəlxalq tədbir Azərbaycanın enerji diplomatiyasının gücləndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində bu mühüm tədbirlərin beynəlxalq əhəmiyyəti daha da artmışdır. Beləliklə, 1-3 iyun 2026-cı il tarixlərində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən “Caspian Oil and Gas”, “Caspian Power” və “Baku Energy Forum” tədbirləri Azərbaycanın dünyaya öz gücünü, potensialını və etibarlılığını bir daha nümayiş etdirir.