Azərbaycan dünyada böyük nüfuza malik olan etibarlı tərəfdaşdır

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü uğurlu siyasət nəticəsində son illərdə regional və qlobal aktor kimi özünü təsdiq edən respublikamız, həmçinin müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Bu ölkələrdən biri də Vyetnam Sosialist Respublikasıdır.
7 may 2025-ci ildə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Ali qonağın ölkəmizə səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səfər çərçivəsində imzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın əhəmiyyətini vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycan neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.
Azərbaycan Prezidenti həmçinin bildirib ki, biz bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var.
Ölkə başçısı Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin ürəkaçan olduğunu söyləyib. "Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq."
Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və digər sənədlər imzalanıb ki, bu da qarşıdakı dövrdə əlaqələrin uğurla inkişaf edəcəyinə əminlik yaradır.