Azərbaycan Avropanın enerji bazarında mövqeyini daha da gücləndirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 mart 2026-cı il tarixdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı bildirmişdir ki, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir.
Dövlət başçısı qeyd etmişdir ki, artıq Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlanılmışdır. Bununla da hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır.
Prezident cənab İlham Əliyev vurğulamışdır ki, qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı hesabına istehsal həcmlərini artırmaq üçün real imkanlar mövcuddur. Lakin bunun üçün mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi zəruridir. Bildirilmişdir ki, hazırda Cənub Qaz Dəhlizi tam yüklənmiş vəziyyətdədir və artan tələbatın qarşılanması məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanları araşdırılır. Məqsəd ixrac potensialını maksimum səviyyəyə çatdırmaqdır.
Çıxışında dövlət başçısı cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasının gözlənildiyini diqqətə çatdırmışdır. Eyni zamanda, iki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinə keçilməsi planlaşdırılır ki, bu da həmin yataq üzrə qaz hasilatını üç dəfə artıracaq. Bundan əlavə, “Ümid” yatağının ikinci mərhələsi üzrə də hasilata başlanması nəzərdə tutulur.
Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, təbii qazın əsas mənbələrindən biri olan “Şahdəniz” yatağı üzrə 2028-ci ildə yeni mərhələ çərçivəsində hasilata başlanması gözlənilir. Bildirilmişdir ki, sadalanan bütün layihələr maksimum istehsal səviyyəsində əlavə 10–15 milyard kubmetr qaz hasil etməyə imkan verəcəkdir.
Dövlət başçısı vurğulamışdır ki, bu hədəflərə çatmaq üçün yeni bazarlara çıxış, mövcud boru kəməri sisteminin genişləndirilməsi və qazpaylama şəbəkəsinin daha da şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir.