Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənir

Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətləri son illər ərzində xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika və yaşıl enerji sahələrində əhəmiyyətli dərəcədə genişlənmişdir. Azərbaycanın etibarlı tərəfdaş kimi rolu Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir və bu amil əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar tərəflər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın regional sabitlik və inkişafın təmin olunmasında mühüm rolunu bir daha təsdiq edir.İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın dinamik xarakter daşıdığını xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Tərəflər arasında münasibətlər hazırda fəal inkişaf mərhələsindədir və bu əməkdaşlıq qarşılıqlı maraqlara, etimada və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik.
Qeyd edək ki, bəyanatda ticarət və enerji sahəsində əməkdaşlıq xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Həmçinin, Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir və bu istiqamətdə həyata keçirilən layihələr regionun geosiyasi əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyev Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxarılmasında mühüm rol oynadığını qeyd edərək, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini bildirmişdir.
Bu gün hər ölkə üçün enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ən mühüm amili olduğunu qeyd edən dövlət başçısı bildirmişdir ki, Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
Bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaradır.
Prezident həmçinin bildirib ki, biz regional təhlükəsizlik məsələlərini, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini geniş şəkildə müzakirə etdik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar. Prezident Tramp, həmçinin şahid kimi imzaladı və əlavə olaraq Ermənistan ilə Azərbaycan sülh sazişinin mətnini parafladılar. Beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük.Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır.
Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk.
Beləliklə, Avropa Komissiyası Prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin bu səfər çərçivəsində verdiyi bəyanat regionda geosiyasi əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təmin olunması, həmçinin Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.