Bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər.
1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür. Bu səbəbdən üç rəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından başlamış, Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Quruda, havada və suda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.
Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsil rəşadət göstərirlər. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibəti ilə birləşmə və hissələrin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində sərhəd qoşunlarının da yüksək səviyyədə təmsil olunması, sərhədçilərimizin vətənimizin keşiyində hər zaman ayıq-sayıq durduğunu sübut edir.