Aprelin 2-də "2 aprel - Dünya Autizm Məlumatlandırma Günü" ilə əlaqədar olaraq Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə şagirdlər, məktəb psixoloqları, müəllim və valideynlərin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açaraq, autizmli fərdlərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə maarifləndirmə işlərinin vacibliyini qeyd edib. Həmçinin autizmli uşaqların cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu və onların xüsusi qayğıya ehtiyacı olduğunu bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli çıxış edərək, autizm spektr pozuntusunun nevroloji bir fərqlilik olduğunu və onun xəstəlik kimi qəbul edilməsinin yanlış olduğunu qeyd edib. Həmçinin autizmli uşaqların cəmiyyətə inteqrasiyasının praktiki aspektlərindən danışaraq, onların sosial bacarıqlarını inkişaf etdirmək üçün xüsusi proqramların və təşəbbüslərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev çıxış edərək autizmli uşaqların təhsil sisteminə inteqrasiyasının əhəmiyyətindən bəhs edib və inklüziv təhsilin bu sahədəki rolu barədə ətraflı məlumat verib. Eyni zamanda autizmli uşaqların öz bacarıqlarını inkişaf etdirməsi üçün onlara fərdi yanaşmanın və xüsusi metodların tətbiqinin vacibliyini vurğulayıb, bu məsələdə maarifləndirilmənin cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Sonda Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həmidə Qoçəliyeva çıxış edərək autizmli uşaqların cəmiyyətə adaptasiyasında ailənin rolu və sosial dəstəyin əhəmiyyətini qeyd edib. Ailələrin autizmli övladlarına qarşı anlayışlı və səbirli yanaşmasının onların inkişafına böyük təsir göstərdiyini bildirib.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.