"Ana dilimizi dilimizdə yaşadaq" adlı tədbir keçirilib

Fevralın 20-də İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin məsul nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

"Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar "Ana dilimizi dilimizdə yaşadaq" adlı tədbiri giriş sözü ilə İmran Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Minayə Nəbisoy açaraq "Beynəlxalq Ana Dili Günü"nün əhəmiyyətini qeyd edib. Bildirilib ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz tarixin bir çox sınaqlarından üzüağ çıxaraq müasir dövrə gəlib çatıb. 

Tədbirdə kitabxananın Oxu zalının müdiri Lalə Zeynalova "Ana dilimiz varlığımız və qürur mənbəyimizdir" mövzusunda, həmçinin kitabxananın Komplektləşdirmə və kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Aysu Məhərrəmli isə "Ana dilimizi dilimizdə yaşadaq" mövzusunda çıxış edib.

Çıxışlar dinlənildikdən sonra baş kitabxanaçı Fərasət Əsədullasoy Bəxtiyar Vahabzadənin "Ana dilim" şeirini bədii qiraət edib.  

Sonra tədbirdə iştirak edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov ana dilimizin öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik olduğunu vurğulayıb və tədbirin təşkil edilməsinə görə kitabxana əməkdaşlarına minnətdarlığını bildirib.

Qeyd edək ki, kitabxanada "Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar kitab sərgisi təşkil olunub.