Ali və orta ixtisas təhsili müəssisələrinin oğlan komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyinə start verilib.

Milli Müdafiə Universitetinin tabeliyindəki Naxçıvan Hərbi Kollecində ali və orta ixtisas təhsili müəssisələrinin oğlanlardan ibarət voleybol komandalarının iştirakı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş birinciliyə start verilib. 

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi yarışın rəsmi açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik-leytenant Yaşar Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icraçısı Elşən Rəfiyev və Uşaq-Gənclər və İdman Məktəbinin direktor əvəzi Səfər Tağıyev çıxış edərək birinciliyin məqsəd və əhəmiyyəti barədə danışıb, komandalara baxımlı idman mübarizəsi və uğurlar arzulayıblar. 

Sonra Naxçıvan Hərbi Kollecinin kursantlarının nümunəvi çıxışları nümayiş olunub.

Qeyd edək ki, Olimpiya sistemi ilə keçirilən birincilik sabah üçüncülük və final qarşılaşmaları ilə davam etdiriləcək.