Aprelin 26-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Akademik Zərifə xanım Əliyeva: Elmə və insanlığa həsr olunan ömür” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanım Əliyevanın büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını bildiribər. Sonra alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olunub.
Tədbirin rəsmi hissəsində Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin direktoru Mətanət Səfərova giriş sözü ilə tədbiri açaraq Zərifə xanımın yüksək insani keyfiyyəti, dərin zəkası, insanlara olan qayğısı və tibb elminə verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr veribdir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında tədbirin təşkil olunmasının əhəmiyyətini qeyd edib. İcra Hakimiyyəti başçısının müavini bildirib ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva milli qadın kimliyinin parlaq örnəyi olaraq tarixin silinməz silsilələrində əbədi yaşayacaqdır.
Zərifə xanım Əliyeva Ümummilli Liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, onun həyat yolunda ən böyük dəstəkçisi olmuşdur. Onların münasibəti yalnız bir ailə birliyi deyil, həm də vətənə, xalqa sədaqətin və qarşılıqlı hörmətin bariz nümunəsi idi. Qayğıkeş, mehriban ana və nənə olan Zərifə xanım Əliyevanın böyütdüyü övlad, bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyevdir. Bu fakt özü də göstərir ki, Zərifə xanım, həm ailədə, həm də cəmiyyətdə öz nüfuzunu yüksək səviyyədə qoruya bilmiş bir qadın olub.
Poliklinikanın həkimi, oftalmoloq Kamilə Orucəliyeva çıxış edərək görkəmli alimin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük əmək sərf etdiyini bildirib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib və Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir deyə qeyd edib.
Çıxışlardan sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Zərif ömür” adlı film nümayiş olunub.