Ağdamın işğaldan azad olunduğu şanlı gün: 20 noyabr 2020-ci il

20 noyabr 2020-ci il Azərbaycan tarixinin ən unudulmaz günlərindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu hərbi-siyasi gücünü ortaya qoyaraq məhz həmin gün Ağdam rayonunu işğaldan azad etmişdir. Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur.
Qədim tarixə malik olan Ağdam, Azərbaycanın maddi-mədəniyyət abidələri ilə ən zəngin bölgələrindən biridir. XX əsrin ikinci yarısında rayon ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Ağdam ərazisində ilk insanlar altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
Dünyada ikinci, keçmiş sovet ittifaqında isə birinci və yeganə olan çörək muzeyi də Ağdamda fəaliyyət göstərib. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri olan xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi.
Təəssüf ki, Ağdamın bu qədər maddi-mədəni zənginliyi 1993-cü il iyulun 23-də rayonun Ermənistan tərəfindən işğalı nəticəsində tamamilə dağıdılmış, talan edilmişdir. Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür desək yanılmarıq. Belə ki, hesablamalara görə işğal zamanı rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurulub.
Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb.”
Amma atalarımız “Pis günün ömrü az olar” söyləyib. İllərdir öz doğmalarının yolunu gözləyən Ağdamın ağ günləri indi geri qayıdır. Azadlığına qovuşmuş şəhər bu gün böyük quruculuq, təmir-bərpa işlərinin şahididir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Ağdam şəhərində 66 binanın tikintisinə başlanılıb. Həmçinin rayonun 3 kəndində - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri sürətlə davam edir. Qeyd edək ki, həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur və digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür. Bütün bunlar xalqımızın torpaq, yurd sevgisinin nə qədər böyük olduğunu bir daha təsdiq edir.
Əlbəttə ki, Vətən sevgisinin ən böyük qəhrəmanları isə torpaqlarımızın azadlığı uğrunda öz canından keçən şəhidlərimizdir. O qəhrəmanlar ki, Füzulini, Cəbrayılı, Zəngilanı, Şuşanı, Ağdamı və digər şəhərlərimizi, kəndlərimizi azad etməklə tariximizdə yeni mərhələnin əsasını qoydular.
Bu tarixi günü təqvimimizə qanı-canı bahasına yazan şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq.
Ağdam Şəhəri Günü mübarək olsun!