Azərbaycan xalqı bu günlərdə tariximizin ən parlaq səhifəsinin, 8 noyabr - Zəfər Gününün 4-cü ildönümünü qeyd edir. Bu münasibətlə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Səfər Rəcəbov adına Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İcra hakimiyyətinin, mədəniyyət idarəsinin nümayəndələri, məktəbin kollektivi və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlümüzün bərpası idi. Xalqımızn bu arzusunu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bizim igid oğullarımız həyata keçirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində torpaqlarınızın işğalına son qoyuldu, düşmən ərazilərimizdən qovulub çıxarıldı. Bu tarixi Zəfəri qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!
Sonra məktəbin müəllim və şagirdləri tərəfindən Zəfər Gününə həsr olunmuş səhnəcik və konsert proqramı nümayiş olunub. Zəfərimizi, Vətənimizi vəsf edən nəğmələr tədbir iştirakçıları tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Şəhid ailələri övladlarının adının yaşadılması və əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işləri yüksək qiymətləndirib, öz minətdarlıqlarını billdiriblər.