Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Müzəffər xalqın şanlı Zəfəri” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Xəyyam Məmişov iştirak ediblər.
Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovun 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ünvanladığı təbrik məktubunu şəxsi heyətə çatdırıb.
Daha sonra kursantların hazırladıqları bədii kompozisiya təqdim olunub. Kompozisiyada xalqımızın qəhrəmanlıq salnaməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və üçrəngli Dövlət Bayrağımızın milli qürur və birliyimizin rəmzi kimi əhəmiyyəti nümayiş etdirilib.
Tədbirin sonunda bir qrup şəxsi heyət üzvü və qonaqlar təltif olunub, xatirə şəkli çəkdirilib.