“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji potensialını daha da gücləndirəcək

Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyi ilə paralel əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi bir ölkənin yanacaq və enerji təchizatı ilə tam təmin olunması və bu sahədə təhdidlərdən özünümüdafiəsi deməkdir. Zəngin enerji resurslarına malik olan və dünyada əsas enerji ixracatçılarından biri olan Azərbaycan Respublikası da bu gün özünün enerji siyasətini yeni çağırışlara uyğun olaraq uğurla inkişaf etdirməkdədir.
İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə Migəçevirdə ölkəmizin ən böyük elektrik stansiyası olan “8 Noyabr” Elektrik Stansiyasının açılışı da Azərbaycanın bu sahədəki gücünü, potensialını, təcrübəsini və peşəkarlığını göstərir.
Sözügedən açılış mərasimində çıxış edən dövlətimizin başçısı “8 Noyabr” Elektrik Stansiyasının Azərbaycanın enerji potensialını daha da gücləndirəcəyini, enerji sisteminin səmərəliliyini daha da artıracağını qeyd edib.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlinin qoyulduğunu vurğulayan Prezident İlham Əliyev bu gün Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı bildirib ki, 2020-ci il iyunun 25-də, düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.
Prezident İlham Əliyev stansiyanın ərsəyə gəlməsində Azərbaycan energetikləri ilə birlikdə İtaliya və Çin şirkətlərinin böyük payı olduğunu qeyd edib.
Prezident bildirib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi ilə enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik.
İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq. Bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq.
Bu stansiyanın adının seçilməsinin çox vaxt aparmadığnı söyləyən Prezident bildirib ki, təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.