Beynəlxalq Qadınlar Günü qadınların sosial-iqtisadi, siyasi və mədəni sahədəki mübarizəsini və nailiyyətlərini vurğulayan mühüm bir tarixdir. Bu əlamətdar gün ölkəmizdə də geniş qeyd edilir. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü hesab olunur.
Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Bu diqqətin nəticəsidir ki, ölkəmizdə qadınların ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması, onların hüquqlarının müdafiəsi və cəmiyyətdə rolunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ümummilli Liderin rəhbərliyi dövründə qadınların dövlət idarəçiliyində, elm, təhsil, mədəniyyət və digər sahələrdə fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır. Qadınların hüquqlarının qorunması məqsədilə bir sıra mühüm qərarlar qəbul edilmiş, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir. Bu siyasətin nəticəsində qadınlar ölkənin ictimai həyatında daha fəal rol oynamış, dövlət qurumlarında və müxtəlif təşkilatlarda məsul vəzifələr tutmuşlar.
Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasətin əsas parametrlərində də qadınların təmsilçiliyinə xüsusi önəm verilir. Seçkili orqanlarda qadınların say tərkibinin xeyli dərəcədə artması, parlament və bələdiyyə sistemində zərif cinsin nümayəndələrinə ayrıca yer verilməsi dövlətimizin gender bərabərliyinə xüsusi diqqət yetirdiyinin bariz nümunəsi kimi qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan qadınlarında böyük stimul yaratmaqla yanaşı, onların ictimai-siyasi proseslərdə, mədəni-kütləvi tədbirlərdə fəallığına əhəmiyyətli dərəcədə öz təsirini göstərmiş olur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir. Azərbaycanın birinci xanımının rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq onlar Qadınlar Bayramını daha qürurlu qeyd edirlər. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər.
Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edir, onlara ailə səadəti, sağlamlıq, fəaliyyət göstərdikləri sahədə nailiyyətlər arzulayırıq.