Fevralın 6-da Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə birgə şəhid ailələrinin, müəllimlərin və şagirdlərin iştirakı ilə 6 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Məktəbin direktoru Samirə Abdullayeva giriş sözü ilə çıxış edərək şəhid ailələrinə öz hörmət və ehtiramını, şəhidlərin heç bir zaman unudulmayacağını bildirərək tədbirin mahiyyətindən söz açıb, şəhidlərimizin gələcək nəsillər üçün bir örnək olduğunu vurğulayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək bildiriblər ki, şəhid ailələrinə dövlətimiz tərəfindən daim böyük hörmət və ehtiram göstərilir. Vətən müharibəsində düşmən üzərində qələbənin qazanılmasını hər birimiz şəhidlərimizə borcluyuq.
Həmçinin bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, onların şücaət və qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
Tədbirdə şəhid Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva, İslam Eyvazovun anası Aytən Eyvazova, Sahil Məmmədovun anası Sahilə Məmmədova çıxış edərək övladlarının qəhrəmanlıqları ilə fəxr etdiklərini, vətənpərvər oğul böyütdükləri üçün qürur hissi keçirdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Sonra məktəbin müəllimləri tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib, şagirdlərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
Tədbirin sonunda şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.