5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Vətəni tanı” intellektual oyunu keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 2 oktyabr 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin tam orta məktəblərində çalışan müəllimlər arasında “Vətəni tanı” intellektual oyunu keçirilib.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən intellektual oyunda 34 müəllim iştirak edib.
Oyunun əsas məqsədi iştirakçıların Azərbaycanın inzibati ərazi quruluşu ilə bağlı biliklərini yoxlamaq, xəritə üzərində işləmək bacarıqlarını inkişaf etdirmək və müəllimlər arasında intellektual rəqabət mühiti yaratmaq olub.
İntellektual oyun zamanı Azərbaycanın şəhər və rayonları müxtəlif rənglərlə işarələnmiş xəritə üzərində öz coğrafi mövqelərinə uyğun şəkildə yerləşdirilib. Pazl formasında hazırlanmış xəritədə Azərbaycanın hər bir inzibati ərazi vahidi ayrıca hissə şəklində təqdim olunub. İştirakçılar xəritənin ayrı-ayrı hissələrini düzgün yerləşdirərək vahid Azərbaycan xəritəsini tamamlayıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən oyunun yekun nəticələrinə əsasən, 9 nömrəli tam orta məktəbin komandası I, 2 nömrəli tam orta məktəbin komandası II, 8 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandaların üzvlərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.