5 nömrəli körpələr evi - uşaq bağçasında “Qəhrəmanlar Unudulmur” layihəsi çərçivəsində tədbir keçirilib.

Fevralın 14-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə “Qəhrəmanlar Unudulmur” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, şəhid ailələri, körpələr evi – uşaq bağçasının müəllim və şagirdləri iştirak edib.

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Bağçanın müdiri Cəmilə Hüseynova giriş sözü ilə çıxış edərək şəhid ailələrinə öz hörmət və ehtiramını, şəhidlərin heç bir zaman unudulmayacağını bildirərək tədbirin mahiyyətindən söz açıb, şəhidlərimizin gələcək nəsillər üçün bir örnək olduğunu vurğulayıb. 

Həmçinin qeyd edib ki, şəhid övladlarının ataları öz canlarından keçərək Vətən müharibəsində əsl qəhrəmanlıq göstərib. Məhz buna görə də, siz "Mənim atam qəhrəmandır" deyərək onlarla qürur duya bilərsiniz.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək, şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib, şəhid ailələrinə olan hörmət və ehtiramlarını bildiriblər. Qeyd edilib ki, Ölkə başçımız Prezident Cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında şəhid ailələrinə göstərilən diqqət və qayğı hər zaman dövlətimizin ən mühüm prioritet sahələrdən biridir. 

Həmçinin bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, onların şücaət və qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində  daim yaşayacaqdır.

Şəhid Fuad Əlizadənin anası Şəfa Əliyeva, Etibar Cəfərovun həyat yoldaşı Əzizə Cəfərova çıxış edərək igid oğullarımızın Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq nümunəsindən danışıb, onlarla qürur hissi keçirdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər. 

Çıxışlar dinlənildikdən sonra 5 nömrəli körpələr evi – uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, kompozisiya göstərilib, şəhidlərin xatirələri anılıb.