4 oktyabr - Cəbrayıl Şəhəri Günüdür

Cəbrayılın erməni işğalçılarından azad edilməsindən 5 il ötür.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl rayon əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.
İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən və 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılmışdır. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
2020-ci il 27 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun igidliyi və xalqın birliyi nəticəsində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edilmişdir.
Cəbrayılın azad olunması Vətən müharibəsində mühüm dönüş nöqtəsi oldu. Bu uğur ordumuza yeni əməliyyat istiqamətləri açdı, düşmənin müdafiə xəttini sındırdı. Cəbrayılın azadlığı Zəngilan, Qubadlı və daha sonra Şuşa istiqamətində uğurların təmin edilməsinə yol açdı. Bu qələbə ilə Azərbaycan Ordusu Zəngilan, Qubadlı və Laçın istiqamətlərində irəliləməyə başladı. Ən əsası isə Cəbrayıl uğrunda döyüşlər Şuşanın azadlığına gedən yolun açılmasında həlledici rol oynadı.
Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 4-də xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğulayıb: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir”.
Qeyd edək ki, Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu gün Azərbaycanın bütün ərazilərində; - Cəbrayılda, Füzulidə, Şuşada, Xocalıda, Xudafərin körpüsündə üçrəngli, şanlı bayrağımız dalğalanır. Yağı tapdağından qurtuluşun beşinci ildönümünü yaşayan torpaqlara həyat, quruculuq, abadlıq, ən əsası isə, bu torpaqların sakinləri qayıdır.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.
Bu günü təqvimimizə qanı-canı bahasına yazan şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq.
Böyük Zəfərin ilk müjdəsi, Cəbrayıl Şəhəri Günü mübarək olsun!