4 oktyabr - Cəbrayıl şəhəri günü kimi qeyd olunur

Bu gün Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsinə ciddi ziyan vurulmuş, əhali doğma yurdlarından məcburi köçkün düşmüşdür.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonu və şəhəri 4 oktyabr 2020-ci ildə işğaldan azad edilmişdir. Cəbrayılın azad olunması Vətən müharibəsinin ilk mühüm hərbi nailiyyətlərindən biri olmaqla yanaşı, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və qələbə əzminin mühüm göstəricisi kimi tarixə düşmüşdür.
Cəbrayılın azad edilməsi ilə Azərbaycan xalqının uzun illər davam edən torpaq həsrətinin aradan qaldırılması istiqamətində mühüm addım atılmış, ərazi bütövlüyümüzün bərpası yolunda tarixi zəfərlərdən biri qazanılmışdır. Dövlət bayrağımızın Cəbrayıl şəhərində ucaldılması xalqımızın yaddaşında xüsusi yer tutan qürurverici hadisələrdən olmuşdur.
Cəbrayılın azad olunması həm hərbi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Bu qələbə Azərbaycan Ordusunun düşmənə qarşı ardıcıl və məqsədyönlü əməliyyatlarının nəticəsi olmaqla, digər işğaldan azad ediləcək ərazilər üçün də mühüm strateji imkanlar yaratdı. Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan xalqında Vətən müharibəsinin qələbə ilə başa çatacağına olan inamı daha da gücləndirdi.
Bu gün Cəbrayıl şəhərində və rayonun kəndlərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması, yol və kommunikasiya xətlərinin bərpası, sosial obyektlərin inşası doğma torpaqlara qayıdışın təmin olunmasına xidmət edir.
Cəbrayılın dirçəlməsi yalnız şəhər və kəndlərin yenidən qurulması deyil, həm də bu torpaqlarda həyatın, ənənələrin və milli-mədəni dəyərlərin yenidən canlandırılması deməkdir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtması Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsini təşkil edir.
4 oktyabr – Cəbrayıl şəhəri günü xalqımızın yaddaşında həm qələbə, həm də quruculuq rəmzi kimi yaşayır. Bu əlamətdar gün Cəbrayılın işğaldan azad edilməsinin yaratdığı tarixi qüruru yaşatmaqla yanaşı, şəhərin gələcəyə doğru inamla addımladığını nümayiş etdirir.
Bu günü təqvimimizə qanı-canı bahasına yazan şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq.
Böyük Zəfərin ilk müjdəsi, Cəbrayıl şəhəri günü mübarək olsun!