31 may “Ümumdünya Tütünlə Mübarizə Günü” münasibətilə məktəblilərlə maarifləndirici görüş keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə 31 may — “Ümumdünya Tütünlə Mübarizə Günü” münasibətilə məktəblilər üçün maarifləndirici görüş keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı Türkan Məmmədova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həmidə Qoçəliyeva çıxış edərək görüşün əhəmiyyəti və məqsədi barədə iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, belə maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslin sağlam həyat tərzinə təşviq olunması, onları zərərli vərdişlərdən uzaq tutmaq və sağlam gələcəyin formalaşdırılmasına töhfə verməkdir.
Daha sonra tütün və digər zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri barədə maarifləndirici söhbət aparılıb. Çıxışlarda erkən yaşlarda yaranan zərərli alışqanlıqların fiziki və psixoloji fəsadlarından, sağlam həyat tərzinin üstünlüklərindən və gənclərin düzgün istiqamətləndirilməsinin vacibliyindən bəhs olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.