31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli məqsədlər, ortaq dəyərlər və güclü dövlətçilik ideyası ətrafında birləşdirir.
Bu günün tarixi XX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələrlə bağlıdır. 1989-cu ilin soyuq qış günlərində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar milli birlik amalının, azadlıq arzusunun ətrafında sıx birləşərək sərhədə doğru yürüş etdilər. Azərbaycanı iki hissəyə bölən sərhəd çəpərlərini ortadan qaldıran və illərin həsrətinə son qoyan bu görüş mühüm tarixi hadisə idi.
Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Məhz həmin vaxtdan etibarən bu tarixi gün Azərbaycan Respublikasında rəsmi bayram kimi qeyd olunmağa başladı.
Dünya azərbaycanlılarının milli birliyinin memarı Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı ilə hər bir azərbaycanlıya doğru yolu göstərən Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını, dövlətçilik ənənəsini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır.
Prezident cənab İlham Əliyev dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Onun Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da dövlətimizin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, tariximizi nəsillərdən-nəsillərə ötürürlər. Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Prezident cənab İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də bizə ana dilimizin, milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin qorunmasının vacibliyini xatırladır. Qloballaşma dövründə milli kimliyin qorunub saxlanılması üçün həmrəylik mühüm amildir və bu gənc nəsil üçün də xüsusi əhəmiyyət kəsb edir.
Bu gün hər bir azərbaycanlıya xatırladır ki, gücümüz birliyimizdədir və bu birlik Azərbaycanı daha güclü, daha nüfuzlu bir dövlətə çevirir.
Bu tarixi gün, Həmrəylik bayramı münasibətilə bütün soydaşlarımızı, dəyərli həmvətənlərimizi təbrik edirik.
Bayramınız mübarək!