Fevralın 19-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə “30 illik həsrətin Vətən müharibəsindəki qələbəsinin 5 ili” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Samirə Abdullayeva şəhid ailələrinə və qazilərə tədbirdə iştiraklarına görə minnətdarlığını bildirib, bu layihənin Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə keçirilməsinə görə Naxçıvan Şəhər İcra Hakimiyyətinə məktəbin kollektivi adından minnətdarlığını ifadə edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək qeyd edib ki, bu cür layihələrin əsas məqsədi şəhidlərimizin vətənpərvərlik nümunəsini bugünkü və gələcək nəsillərə çatdırmaq, dövlətimizə və vətənimizə layiq vətənpərvər gənclər yetişdirməkdən ibarətdir. O qeyd edib ki, şəhidlərimiz və qazilərimiz canları və qanları bahasına 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etdilər. Qazanılan bu qələbəyə görə biz Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həlimə Seyidzadə, şəhid İslam Eyvazovun anası Aytən Eyvazova, şəhid Eldar Bağırovun qızı Nigar Aslanova və qazi Arif Niftəliyev çıxış ediblər.
Tədbirdə məktəbin şagirdlərinin ifasında vətənə və şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər qiraət olunub. Tədbirin sonunda şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.