30 aprel – Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması günüdür

Aprelin 30-u Azərbaycan Ordusunun ən peşəkar, çevik və yüksək hazırlıqlı bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılması günü kimi qeyd olunur.1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə əsası qoyulan XTQ qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik peşəkar hərbi birləşmə kimi formalaşmışdır. Bu qüvvələrin inkişafında Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlıq mühüm rol oynamışdır.Xüsusi Təyinatlı Qüvvələrin üzvləri ciddi seçim mərhələsindən keçərək ağır fiziki və psixoloji hazırlıq görür, ən mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirmək bacarığına yiyələnirlər. Onlar əlbəyaxa döyüş, kəşfiyyat, desant, dalğıc və digər istiqamətlər üzrə xüsusi hazırlıq keçirlər.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xüsusi təyinatlı qüvvələrin inkişafına daim diqqət göstərilir. Azərbaycan XTQ-si beynəlxalq təlim və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə etmişdir.2016-cı ilin aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində XTQ döyüşçüləri yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunmasında mühüm rol oynamışlar. Xüsusilə Şuşa əməliyyatı onların şücaətinin parlaq nümunəsi kimi Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmışdır.Döyüş tapşırıqlarını uğurla yerinə yetirən xüsusi təyinatlı hərbçilər dövlət başçısının sərəncamları ilə yüksək fəxri adlara, orden və medallara layiq görülmüşlər.Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri müasir silah və texnika ilə təchiz olunmuş, ölkəmizin müdafiə qüdrətinin əsas sütunlarından biri kimi çıxış edir.Xüsusi Təyinatlı Qüvvələrin yaradılması günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.